“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın II cildi işıq üzü görüb

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin birinci kitabı tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 24 oktyabr 2023-cü il tarixli, 06 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, rəyçilər prof. Sakit Hüseynov, prof. Əlikram Tağıyev, dosent, Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir. Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin ikinci cildində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılıq; 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik; 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm. Kitabın ikinci cildinin I kitabında milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılığın nümayəndələrindən (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Müznib, F.b.Köçərli,M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli,A.İldırım və b.)bəhs olunmuşdur.

Faiq Ələkbərli “Şuşalı Ceyhun Hacıbəylinin azərbaycançılıq və Qarabağ araşdırmaları” mövzusunda məruzə edib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığıyla 2023-cü il 1 noyabr tarixində “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Həmin beynəlxalq konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun bir sıra əməkdaşları da iştirak ediblər. İnstitutun əməkdaşlarından “Azərbaycan fəlsəfə tarixi ” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Şuşalı Ceyhun Hacıbəylinin azərbaycançılıq və Qarabağ araşdırmaları” mövzusunda məruzə edib.

Faiq Ələkbərli Almatıda ll Beynəlxalq Türk Dünyasının Qadınlar Qurultayında iştirak edib

Türk Xalqları Mədəniyyət Fondu və İlteriş Fondunun ortaq təşkilatçılığıyla 26-30 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Tarixdə və gələcəkdə Türk qadının yeri və önəmi” mövzusunda ll Beynəlxalq Türk Dünyasının Qadınlar Qurultayı keçirilib. Beynəlxalq Qurultayda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Quzey Kipr Türk Cümhuriyyəti və Türk dünyasının digər ölkələrindən elm adamları iştirak ediblər. Qurultaya xüsusi dəvətlə qatılan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk Dünyasının tanınmış Azəbaycan Türk qadınları” mövzusunda məruzə ilə çıxış etmişdir.

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” adlı kitabın 1-ci cildi yenidən işıq üzü görüb.

Bu gün Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 1-ci cildi tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə işıq üzü görüb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 30 May 2023-cü il tarixli, 03 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları prof. fəlsəfə elmləri doktoru Rafail Əhmədli və dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanovdur.

Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin birinci cildində XIX əsr Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi (A.A.Bakıxanov, Z.Şirvani, Q.Zakir, M.M.Nəvvab, X.Natəvan, F.Kəminə, Heyran xanım, M.Hidəci, M.M.Şükuhi, S.Ə.Nəbati, Ə.Axundoğlu, M.H.Nigari və başqaları); 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü (M.Ş.Vazeh, T.Z.Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F.Axundzadə, N.Vəzirov, Z. Marağalı və başqaları); 3) Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları (C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə, M.T.Sidqi, S.Ünsizadə və başqaları).

Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur.

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” adlı kitabın 1-ci cildi yenidən işıq üzü görüb

Bu gün Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 1-ci cildi tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə işıq üzü görüb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 30 May 2023-cü il tarixli, 03 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları prof. fəlsəfə elmləri doktoru Rafail Əhmədli və dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanovdur.

Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin birinci cildində XIX əsr Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi (A.A.Bakıxanov, Z.Şirvani, Q.Zakir, M.M.Nəvvab, X.Natəvan, F.Kəminə, Heyran xanım, M.Hidəci, M.M.Şükuhi, S.Ə.Nəbati, Ə.Axundoğlu, M.H.Nigari və başqaları); 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü (M.Ş.Vazeh, T.Z.Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F.Axundzadə, N.Vəzirov, Z. Marağalı və başqaları); 3) Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları (C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə, M.T.Sidqi, S.Ünsizadə və başqaları).

Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur.

Faiq Ələkbərli Kipr Elm Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib

05-07 May 2023-cü il tarixlərində Quzey Kipr Türk Respublikasının Girne şəhərində yerləşən Kipr Elm Universitetinində 9-cu Uluslararası Ekonomi və sosial elmlər konfransı keçirilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli beynəlxalq konfransda “Çoxqütblü dünyada yeni güclərdən biri kimi Türk Dövlətləri Təşkilatı: problemlər və həll yolları” adlı məruzə ilə çıxış edib.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, həmin şöbənin əməkdaşları prof., fəlsəfə elmləri doktoru Əyyub Kərimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova və başqalarının məruzləri maraqla qarşılanıb.

Konfrans günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Quzey Kipr Türk Respublikasının dövlət qurumlarının rəhbərləri ilə bir sıra görüşlər keçiriblər.

Faiq Ələkbərli Bursada Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı elmi məruzə edib

02 may 2023-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Bursa Uludağ Universitetinin Fən-Ədəbi̇yyat fakültəsinin Fəlsəfə bölümünün və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin birgə təşkilatçılığı ilə Bursa şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib. Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən konfransda Faiq Ələkbərli “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin yeri və rolu” adlı məruzə ilə çıxış edib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, həmin şöbənin əməkdaşları prof., fəlsəfə elmləri doktoru Əyyub Kərimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova və Sumqayıt Dövlət Universitetinin dosenti Kəmalə Salamova, Elm və Təhsil Nazirlliyinin Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidov təqdimatlarla çıxış ediblər.
Azərbaycanlı alimlərin “Bir millət, iki dövlətin yenilməzlik fəlsəfəsi”, “Azərbaycançılıq ideologiyası”, “Heydər Əliyevin qadın hüquqlarının qorunması siyasəti və qadınlarıın cəmiyyətdə rolunun inkişaf etdirilməsi stratyegiyası”, “Heydər Əliyev siyasətinin gənclərin psixoloji inkişafında təsiri”, “Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan türklərinin rolu” və “Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda məruzləri maraqla qarşılanıb.
Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Bursa Azərbaycan İnavosion ve Dayanışma Dərnəyinin başqanı Lətifə Nağdəliyeva, Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Bursa Uludağ Universitetinin prorektoru, professor Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Əli Mersin, eləcə də Qarabağ qaziləri və azərbaycanlı tələbələr iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bursa Uludağ Universitetinin ULUTEK Texnoparkı ilə də tanış olub.

HƏSƏN BƏY ZƏRDABİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (Birinci yazı).

Müstəqil Ağayev AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Azər- baycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Qabaqcıl Maarif Xadimi

Ensiklopedik biliyə malik olan böyük vətənpərvər alim Həsən bəy Zərdabinin yaradıcılığı o qədər zəngindir ki, orada səni düşündürən və maraqlandıran istədiyin məsələlərə aid cavab tapmaq mümkündür.Onun yaradıcılığı ilə yaxından tanış olduqda, özünü sirlər aləmində hiss edirsən. Kainat, təbiət və cəmiyyət haqqında irəli sürdüyü fikir və mülahizələr öz sadəliyi və məntiqiliyi ilə oxucunu özünə cəlb edir. Onun əsərlərini, məqalələrini oxuyanda yorulmursan, daha çox məlumat, bilik əldə etmək istəyirsən. Zərdabi əsasən təbiətşünas bir alim kimi tanınsa da, elmi fəaliyyətində fəlsəfi problemlərə də toxunmuşdur. Düzdür, Zərdabi fəlsəfə ilə məşğul olmamış, fəlsəfəyə dair əsər yazmamışdır, lakin əsərlərində fəlsəfənin bir sıra mühüm və mübahisəli məsələlərinə, yeri gəldikcə, mətnlə əlaqədar öz rəyini, fikir və münasibətini bildirmişdir. Kainatın, təbiətin yaranması, bunlarda baş verən bir sıra hadisələr: ayın və günün tutulması, göy gurultusu, şimşəyin çaxması, müxtəlif canlıların meydana gəlməsi, okean sularının qabarması və çəkilməsi, fəsillərin dəyişməsi və sair bu kimi hadisələr insanları həm vahiməyə, təşvişə salıır, həm də qorxudurdu, təəccübləndirirdi. Zəlzələlərdən, tufan və daşqınlardan müdafiə olunmaq üçün nə edəcəklərini bilmirdilər. Onlara elə gəlidi ki, bütün bu qorxunc hadisələri, fəlakətləri doğuran, yaradan gizli, insanlara məlum olmayan bir qüvvə mövcuddur. O qüvvə insanların əməllərindən inciyəndə, onları cəzalandırmaq üçün bu fəlakətləıri törədir. Düşündükləri həmin məchul qüvvəni allah adlandırır və ona xoş gəlmək, bu fəlakətlərdən qorunmaq üçün müxtəlif yollar axtarırdılar. Düşüncələrinin son nəticəsi bundan ibarət idi ki, deməli, yeri, göyü, təbiəti, kainatı, canlı və cansızları həmin gözögörünməz allah yaratmışdır. İlahiyyatçılara görə isə dünya allah tərəfindən 6 günə yaradılmışdır. Allah “kun” deməklə dünya yaranmış və “fəyəkun” deməklə dünya yox olacaqdır. Həsəh bəy Zərdabi bu fikri qəbul etmir, dünyanın, təbiətin –yer kürəsinin əmələ gəlməsini elmi əsaslarla sübut etməyə çalışaraq yazır: “Üləma və hükəmanın əqidəsinə gğrə, küreyi-ərz əmələ gələndə artıq istidən ərimiş şeylərdən mürəkkəb imiş. Çünki su kimi şeylər havada olanda , su damcısı şəklində olur, ona binaən, o da kürə olub və bu kürə fəzada, yəni dünyanı əhatə edən boşluqda dövr edən zaman, bu boşluğun soyuğunda mürur ilə soyuyub üzü qabıq bağlamış. Çünki bu kürənin içində buxar və qeyri hava qismi şeylər, yəni qazlar olub, onlar o qabığa güc gələrək, yarıb xaricə çıxmışdır. Əvvəl zaman küreyi-ərzin qabığı qayət nazik olub, ona görə bu vəchlə vücudə gələn çatlaqların da ədədi artıq olmuşdur. Bu çatlaqlardan çıxan buxar soyuq su olub küreyi-ərzin soyumuş qabığını basıb qərq etmiş, bu surətlə bircə dəryayi-mühit əmələ gəlmiş və beləcə də qeyri qazlar da çıxıb o suyu əhatə edərək hava olmuşdur. Küreyi-ərzin qabığı ətrafında olan soyuqdan qalınlaşmış isə də, yenə bununla buxar və qeyri qazlar o qabığı çatladıb, deşib xaricə çıxmış və ərimiş şeyləri də özü ilə çıxarıb, bu ərimiş daşlar qabığın üstə soyuyanda , onlardan dağlar əmələ gəlmiş ki, bu dağlar sudan çıxıb yer olmuşlardır. Sonra havada olan su buxarı …yağışa dönüb tökülmüş və tökülüncə də quru yeri dağıdıb, əridib, yuyub dəryayi-mühitin içinə aparmış və orada onlardan qat-qat torpaq vücuda gəlmişdir. Sonra bu torpaq qatları da qazların gücündən çatlayıb təzə dağlar əmələ gəlmişdir”. (“Həyat” qəzeti, 11ci sayı, 1905-ci il.”Su, torpaq və hava”). Bu məqalədə Zərdabi göstərmək istəyir ki, ilahiyyatçıların iddiaları çox gülüncdür. Onlara inanmağın özü də nadanlıqdır. Onlarla milyon ollər ərzində yaranan dünya necə ola bilər ki, 6 gündə “kun” deməklə yaransın və “fəyəkun” deməklə məhv olsun?. Bu sözlər insan ağlına sığmayan uydurmadan başqa bir şey deyildir. Din xadimləri, ruhanilər indi də müsəlmanları allaha tabe olmağa, ondan yardım istəməyə, ona sığınmağa çağırırlar. Duman və qara buludların hərəkəti, dolu və qarın yağması, habelə, ulduzların axması, zəlzələ və vulkanlar barəsində dini mövhumatın yaratdığı qarışıq təsəvvürlərin elmi dəlillər əsasında şüurlardan silinməsində Həsən bəy Zərdabinin fədakar mübarizəsi böyük rol oynamışdır. Zərdabi təbiətdə, kainatda və cəmiyyətdə baş verən hadisələrə bir materialist alim kimi yanaşır və materialist kimi onları qiymətləndirir. Materializmə görə, yaşadığımız bu dünya öz təbiəti etibarilə maddidir. Bu maddi dünyanın inkişafında və həyatın əmələ gəlməsində heç bir fövqəltəbii, təbiətdənkənar bir “ilahi qüvvə”nin müdaxiləsi, iştirakı yoxdur. Təbiətşünaslıq elmi sübut edir ki, canlılar həmişə mövcud olmamışlar. Onlar yalnız müəyyən tarixi-təbii şəraitdə törəmişlər. Elə bir zaman olmuşdur ki, bizim planetdə heç bir canlı varlıq mövcud olmamışdır. Çünki həyat və yaşayış üçün müəyyən istilik-temperatur, rütubət və başqa şərait lazımdır.Bir neçə milyon il bundan əvvəl yer üzündə əmələ gələn şərait nəticəsində mürəkkəb zülal və bununla da çox bəsit canlı varlıqlar əmələ gəlməyə başlamışdır. Materiya həm özü-özünün, həm də təbiət və cəmiyyətdə baş verən hadisələrin mənbəyini və səbəbini təşkil etmiş və indi də etməkdədi. Həsən bəy Zərdabi təbiəti əsas bir başlanğıc hesab edir O, maddi varlıq olan kainatda möhkəm bir qanunauyğunluğun olmasını qəbul etmiş və təbiət hadisələrinin izahında materializm mövqeyində durmuşdur. Zərdabi canlı təbiətin yerin çox keçmiş tarixi bir dövründə cansız təbiətdən əmələ gəlməsini böyük bir inamla göstərmişdir. Həsən bəy Zərdabiyə görə, “ yer heç bir ilahi qüvvənin əli olmadan tarixi-təbii təkamülün nəticəsində meydana gəlmişdir. Yer qaynar lavalar halında olduğu dövrdən ta qabığı soyuyana qədər milyon illər ərzində böyük dəyişikliyə uğrayıb müasir vəziyyətə düşmüşdür”. (H.B.Zərdabi. “Torpaq, su və hava”, Bakı-1912.səh.1). İnsanın allah tərəfindən yaradılması haqqında dini təsəvvürləri ifşa edən Zərdabi göstərir ki, insan, sizin düşündüyünüz kimi, allah tərəfindən yaradılmamışdır. O, müəyyən tarixi-təkamül prosesi keçirərək üzvi materiyanın uzun bir inkişafının nəticəsində meydana gəlmişdir. Əmələ gəldiyi dövrlərdə yerin həddindən artıq isti olması üzündən orada nəinki insanın, hətta, heç bir üzviyyətin yaşaması mümkün olmamışdır. Təkamül nəticəsində əvvəlcə müəyyən bəsit üzvi maddələr, sonra bitkilər və heyvanlar, lap axırda insan və onun beyni meydana gəlmişdir. “ Neçə milyon illər yer üzərində o qədər isti olmuş ki, orada heyvanat və nəbatatın zindəganı mümkün olmamışdır. Yer üzərində əvvəl nəbatat və hayvanat əmələ gəlmiş və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun sümükləri (gəmiklərinin) , ya bir qeyri hissəsinin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur”.(H.B.Zərdabi.”Torpaq, su və hava” Bakı, 1912, səh.1). Zərdabi dinin uydurmalarına daha bir ağır zərbə vurmaq məqsədilə insanın təbii-təkamül yolu ilə heyvanlar aləminin müəyyən şaxələrindən ayrıldığını göstərir. Ümumiyyətlə, Zərdabi bitkilər, heyvanlar və insanın meydana gəlməsində ümumi bir mənşəyin olduğu fikrindədir”. (“Həyat” qəzeti, 1905-ci il, 121-ci sayı). Həsən bəy “yoxluq” məsələsinə toxunaraq qeyd edir ki, “ təbiətdə heç bir şey yox olmur, materiya yox olmur, o, bir formadan başqa bir formaya çevrilir və başqa bir şəkil alır. Biz bunu yoxolma kimi qəbul edirik. Bir halda ki, materuya yox olmur, deməli, hərəkət də yox olmur, onun bir müvafiq formaları digər müvafiq formalarına keçir”, (“Kaspi” qəzet, 1901-ci il, 41-ci sayı). * Məlumdur ki, səbəbiyyət məsələsi fəlsəfənin ən mühüm və çox mübahisəli problemlərindən biridir. Fəlsəfə tarixində uzun müddət səbəbiyyət problemi ətrafında materializmlə idealizm arasında gərgin və kəskin mübahisə və mübarizə davam etmişdir. Səbəbiyyət məsələsinin düzgün həll edilməsi , aləm və onun inkişaf qanunauyğunluqlarının obyektiv şəkildə şərh edilməsi, dünyaya materialist və dialektk baxışın açarını təşkil edir. İdealistlər səbəbiyyəti ya tam inkar edirlər, ya da səbəbiyyəti obyektiv aləmdə deyil, ilahi qüvvədə, yaxud digər bir mənəvi aləmdə axtarırlar, daha doğrusu, allahın varlığında görürlər. Hər bir şeyin, hadisənin, mümkün varlığın səbəbi allahdır, -deyirlər. Təbiətşünaslıq sahəsində əldə etdiyi biliklərə istinad edərək Zərdabi belə bir nəticəyə gəlmişdi ki, dünya, təbiət ayrı-ayrı şey və hadisələrin təsadüfi yığınından ibarət olmayıb, müxtəlif qarşılıqlı əlaqələrdən ibarət bir tamdır.Təbiətdə özünü göstərən hər bir hadisə və proses müəyyən səbəb nəticəsində baş verir. “Səbəbsiz heç bir şey cərəyan etməz”. Zərdabi qeyd edir ki, dünyada hökm sürən səbəb əlaqələri onunla mərbutdur ki, bizim aləmdə, bütün canlı və cansızlar arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq hökm sürür. Dünyanı bir-birindən ayrılıqda, təcrid edilmiş hadisə və proseslərdən ibarət hesab edənlər dünyada mövcud olan “nizam və qaydaların əleyhinə çıxırlar” Zərdabi “Kaspi” qəzetində dərc etdirdiyi bir məqaləsində təbiətdə mövcud olan obyektiv əlaqə və qarşılıqlı asılılığı belə təsvir edir: “Təbiətdə bitkilə və hjeyvanlar aləmi bir-birləri ilə müəyyən qarşılıqlı asılılıq münasibətlərdə olurlar Bitkilər torpaqdan və havadan qeyri-üzvi maddələri qəbul edir və günəş şüalarının təsiri altında onları üzvi maddələrə çevirirlər ki, bu maddələr də yenidən bitkilərin dənlərində, meyvələrdə və bitki gövdəsinin başqa hissələrində və habelə onlardan əmələ gələn yeni bitki növlərində zühur edir və sərf olunur. İnsan və başqa heyvanlar bitkilərdəki bu üzvi maddələri bir qida kimi qəbul edib , onu yenidən hissələrə parçalayır və həzm edirlər. Başqa sözlə, bu üzvi maddələr yenidən qeyri-üzvi maddələrə çevrilirlər və bu proses ardı-arası kəsilmədən davam edir”. (“Kaspi” qəzeti, 33-cü sayı, 1900-cü il.) Zərdabiyə görə, həm üzvi aləmlə qeyri-üzvi aləm arasında və həm də üzvi aləmin öz daxilindəki hadisə, proses və şeylər arasında qırılmaz bir rabitə mövcuddur. Üzvi aləmdə olan əlaqəni buna misal gətirərək Həsən bəy yazır:”Yer üzərində üzvi varlıqlar bir-biri ilə müəyyən qarşılıqlı əlaqə və münasibətdə bulunurlar və bu münasibətlər elə tarazlaşırlar ki, müəyyən bir hissədə baş verən pozğunluqlar ümumi ahəngdarlıqda dəyişiklik əmələ gətirir və bu və ya digər varlıqların miqdarının müvafiq surətdə artmasına və ya əskilməsinə səbəb olur”.(“Kaspi” qəzeti, 1902-ci il, 144-cü sayı.) Zərdabi deyirdi ki, səbəbləri aşkar edilməmiş heç bir hadisəni və prosesi düzgün anlamaq və təhlil etmək mümkün deyildir. O, hadisə və proseslərə qondarma səbəb axtaranlara qarşı çıxış edərək göstərirdi ki, müəyyən bir hadisəni doğuran səbəb araşdırıldıqda bilavasitə həmin hadisəni törədən səbəb müəyyən edilməlidir ki, əks halda biz mövhumata yuvarlanmış oluruq. Zərdabi yazırdı ki, təbiətdə baş verən hadisə və proseslərin səbəblərini düzgün araşdırılmasının insanlar üçün təkcə nəzəri əhəmiyyəti olmayıb, həm də ciddi əməli əhəmiyyəti vardır. Belə ki, əgər insasnlar hadisələrin əsl səbəbini düzgün surətdə müəyyən etməsələr, onlar əməli fəaliyyətlərində yanılarlar, yəni özlərinə zərər verən hadisələrin qarşısını vaxtında almağı bacarmadıqları kimi, özlərinə mənfəət verəcək təbiət qüvvələrindən də lazımınca istifadə edə bilməzlər. Zərdabi göstərirdi ki, təbiətdə qanunauyğunluqlar hökm sürür.”Ayın fazalarının Yer üzərindəki üzvi həyata təsiri” adlı məqaləsində heç bir qanunauyğunluğa əsaslanmayan yalançı elm olan astrologiyanın kəskin tənqidini vermişdir. O bu məqalədə müxtəlif elmlərin əldə etdiyi nailiyyətlərə, elmi dəlillərə əsaslanaraq deyirdi ki, “Göy cisimlərinin Yer üzərində ayrı-ayrı adamların taleyinə heç bir dəxli yoxdur, guya “ hər kəsin göydə bir ulduzu var”-deyən münəccimlərin iddiası heç bir əsası olmayan boş bir cəfəngiyatdır. Dəqiq elmlər Yer üzərində həyat hadisələrini bilavasitə Günəşin istiliyindən və Günəşin işığından asılı olduğunu sübut etməklə astrologiyanı bir elm kimi dəfn etdi. Elm müəyyən etmişdir ki, Yer üzərində həyatın vüsəti müəyyən obyektiv şəraitdə və insan iradəsindən kənarda olan qanunauyğunluqlardan asılıdır”. ( “Kaspi” qəzeti, 1900-cü il, 137-ci sayı.)

HƏSƏN BƏY ZƏRDABİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (2-ci yazı)

Müstəqil Ağayev AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Qabaqcıl Maarif Xadimi

Həsən bəy Zərdabi yaradıcılığının diapazonu çox geniş və əhatəlidir. “Əkinçi” qəzetində təkcə kənd təsərrüfatına aid məsələlər barəsində danışılmırdı, eyni zamanda, elmin bu və ya digər sahələrinə aid çox maraqlı və diqqəti cəlb edən elmi yeniliklər, zamanı üçün vacib və tətbiqi zəruri sayılan fikir, mülahizə və tövsiyələr də öz əksini tapırdı. Ulduzların axması haqqında dinin uydurduğu təsəvverlərə görə, cinlər (pərilər) allahın məkanını öyrənmək üçün bir-birinin üstünə çıxır və göyün yeddinci qatına qalxmaq istəyirlər. Cinlərin bu özbaşınalığı allahın xoşuna gəlmir və mələklərə əmr edir ki, ulduzların köməyi ilə onları yandırsınlar. Belə də olur: tiri-şəhab adlanan ulduz axaraq pərilərin qanadlarını yandırır və onlar məhv olurlar. Zərdabi isə bir astronom kimi bu uydurmanı təkzib edir və bunu kainatın daxili qanunauyğunluğu kimi izah edr. Elə bunun özü də dini uydurmalara vurulan ağır bir zərbə idi Zərdabi Günəş və Ayın tutulmasının səbəblərini də elmi dəlillərə əsaslanaraq, belə izah edir: “Biz Gün, Küreyi-ərz və Ay bir-birinin başına dolandığından danışdıq, çünki bu səbəb Ay və Gün tutulmasının səbəbidir, ona binaən Ay və Gün tutulmasından bir neçə (kəlmə) danışmağı münasib bildim. Ay axşamladığı zaman Küreyi-ərz Ay ilə Gün arasında, üçü də bir cərgədə olurlar. Oxuculardan təvəqqə edirəm ki, bir təbəqə kağız üstə onların özünün və kölgələrinin şəklini çəkib baxsınlar. Ona binaən bu zaman Ay Küreyi-ərzin kölgəsindən keçsin və onun kölgəsinə daxil olanda onun üstə Günün şəfəqi düşməyir, yəni Ay tutulur. ..Günün tutulması Ayın Küreyi-ərzlə Günün arasında , üçünün də bir cərgədə olmasıdır.ki, Ay yeni olan zaman olur. Belədə Gün Ayın kölgəsinin içinə daxil olanda Gün tutulur” (Həsən Məlikzadə Zərdabi. “Torpaq, su və hava”.Bakı, 1912-ci il, səh.47). Zəlzələnin baş verməsi barədə dinin uydurmasına görə, Yer Göy öküzün buynuzları üstündə, öküz isə dəryadakı ən nəhəng balığın üstündə dayanır. Allahdan əmr olunanda balıq hərəkətə gəlir və balığın buynuzları arasında yatan öküz də oyanır, başını tərpədir…və bu zaman Yer kürəsi də hərəkətə gəlir, nəticədə zəlzələlər baş verir. H.B.Zərdabi bununla insanların şüurunda özünə möhkəm yer tutmuş dini uydurmaları təkzib edərək göstərmək istəyir ki, bütün bunlar və buna bənzər hadisə və proseslər uydurmadan başqa bir şey deyil, bu proses və hadisələr təbiətin öz daxili qanunauyğunluğunun nəticəsidir Bu hadisələrin meydana çıxmasında heç bir kənar, fövqəltəbii qüvvələr və allh iştirak etmir. Çünki ayeyi-şərifdə göstərilir ki, allah öz bəndələrinə (yaratdıqlarına) zülm etmək istəməz. İnsanlar görürlər ki, böyük dağıdıcı gücə malik olan zəlzələlər yer üzərində canlı-cansız hər nə var, məhv edirlər. Bu fəlakətlər, dünyanı məhv edən, bəşəriyyətə ölüm gətirən zəlzələlər varlığa zülm deyildirmi? İnsanlar bir tərəfdən belə hadisələrin canlı şahidi olur, digər tərəfdən ruhanilərin Qurandan gətirdikləri ayələri dinləyirlər. Maraq doğuran cəhət bundan ibarətdir ki, insanlar gördüklərini unudub, eşitdiklərinə inanırlar?.Əgər Allah öz bəndələrinə zülm etmək istəmirsə, onda bu hadisələri nə adlandırmaq olar? Bəs zülm nədir, nə deməkdir? Nə isə… Filosoflar fəlsəfənin əsas məsələsi olan təfəkkürün varlığa və ruhun təbiətə olan münasibəti məsələsini özlərinəməxsus şəkildə izah etməyə çalışmışlar. Zərdabi isə bu məsələni materialistcəsinə həll etmişdir. Deməli, materialist baxış, yanaşma o deməkdir ki, təbiəti və onun hadisələrini necə varsa, eyni ilə, olduğu kimi, heç bir kənar, fövqəltəbii qüvvələrin müdfaxiləsi olmadan mövcudluğunu qəbul etmək deməkdir. Həsən bəy Zərdabiyə görə, materiya, təbiət birincidir, şüur isə ikincidir, ondan törəmədir. Şüur hərcür materiyanın deyil, çox yüksək dərəcədə inkişaf etmiş insan beyninin məhsuludur. Zərdabi də təbiətşünaslığın nailiyyətlərinə əsaslanaraq, ruhun ölməzliyini rədd etmiş və göstərmişdir ki, varlıq, təbiət birinci, ruh isə ikincidir, bədənsiz ruh mövcud ola bilməz. Ağıl da, təfəkkür də beynin məhsuludur. Bu münasibətlə Zərdabi yazırdı:” Təcrübə ilə biliblər ki, insanın ağlı beyin ilədir. Yəni insanın beyni artıq olar sa, ağlı da çox olar…İnsanın hər bir hərəkəti və fikir dərəcəsi beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər bir tərəfinə damarları gedir”. ( “Əkinçi” qəzeti, 1875-ci il, 6-cı sayı və 23 avqust 1876-cı il, 16-cı sayı) Keçən əsrin 70-ci illərində Azərbaycanda dini mövhumatın hökm sürdüyü bir şəraitdə insanın allah tərəfindən yaradılmasına azacıq da olsa şübhə edənlər nadan müsəlmanlar tərəfindən “kafir” deyə təhqir olunduğu və ələ salındıqları bir zamanda Həsən bəy Zərdabi cəsarətlə insanın da təbii inkişaf nəticəsində yarandığını irəli sürmüşdür. O yazırdı ki, insan da heyvandır, ancaq ağlı artıq olduğu səbəbinə tamam heyvanların padşahıdır İnsanın heyvan olmağı xüsusda şəkk yoxdur. Hər bir insanda olan əza heyvanlarda həm var. İnsan da heyvanlar kimi yeyir, içir və onlar kimi ölüb tələf olur”. (“Əkinçi” qəzetinin 15-ci sayı, 21 iyul 1877-ci il). Həsən bəy Zərdabi göstərir ki, insanı allah yaratmamışdır, o, təbiət tərəfindən yaradılmışdır, təbiətin bir parçasıdır. İnsanın şüuru da kimsə tərəfindən kənardan gətirilib beynin içərisinə qoyulmamışdır. O, beynə məxsusdur, beynin məhsuludur. İnsan təbii-elmi qanunauyğunluqlar nəticəsində yaranmışdır.Təkamül nəticəsində bəsit üzvi maddələr, sonra bitkilər və heyvanlar və ən axırda insan dünyaya gəlmişdir: “ Neçə milyon illər Yer üzərində o qədər isti olmuş ki, orada heyvanat və nəbatatın zindəganı mümkün olmamışdır. Yer üzərində əvvəl nəbatat və heyvanat əmələ gəlmiş və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun sümüklərinin (kəmiklərinin), ya bir qeyri hissəsinin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur” ( H.B Zərdabi, “Torpaq, su və hava”, Bakı, 1912-ci il). Ümumiyyətlə, Həsən bəy Zərdabi uzuzn illər ərzində davam etdirilən elmi təçrübələrdən sonra belə nəticəyə gəlir ki, insan da heyvandır. “Elmi heyvanatdan” adlı məqaləsində o belə yazır: “ İnsanın bədəninin üzvlərindən danışan vəqtdə arabir deyirik ki, filan heyvanın filan üzvünə bax. Həqiqət, insan da qeyri heyvanların birisidir… İnsan yemək-içməkdə, nəfəs almaqda, doğub-törəməkdə və qeyridə heyvandır və heyvanlar cümləsinə daxilldir”. ( “Həyat” qəzeti, 1905-ci il, 121-ci sayı). Həsən bəy Zərdabinin dini görüşlərinin formalaşmasında M.F.Axundov fəlsəfəsi böyük rol oynamışdır. Onun “ Aləımin məhv olması haqqında şayiələrə dair” , “Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri”, “Marsda insan yaşayırmı?”, “Yeni ulduzlar” və sair əsərləri kainatın inkişafı haqqında olan yanlış və uydurma təsəvvürlərin tənqidinə həsr edilmişdir. H.B. Zərdabi Günəş sisteminin planetlərindən danışarkən, birinci növbədə Yerin əmələ gəlməsi haqqında idealist fikirləri ciddi tənqid edir və bu prosesdə heç bir ilahi qüvvənin iştirak etmədiyini açıq-aşkar söyləyir. “ Elmə və hükəmanın əqidəsinə görə, Küreyi-ərz əmələ gələndə artıq istidən ərimiş şeylərdən mürəkkəb imiş. Çünki belə su kimi havada olanda kürə olub və kürə fəzada, yəni dünyaları əhatə edən boşluqda dövr edən zaman bu boşluğun mürur ilə soyuiyub üzü qabıq bağlamış”. (H.B.Zərdabi, “Torpaq, su və hava”, Bakı, 1912, səh.!). Bəzi yanlış dini təsəvvürlərə görə, guya Yer öz mahiyyəti etibarilə göydən fərqlənir.Zərdabi isə bu fikri yanlış hesab edərək göstərir ki, Yer ilə Göy arasında müəyyən istisnalarla mahiyyət eynidir. Ayın və Günəşin tutulmasını da Zərdabi elmi biliklər əsasında izah edərək göstərir ki, Yer Ayla Günəş arasında olarkən Günəş tutulması, Günəş Ayla Yer arasında olarkən Ay tutulması baş verir. Bu hadisələr də təbii qanunauyğunluqlar əsasında baş verir. Burada da heç bir fövqəltəbii qüvvələrin iştirakından söz gedə bilməz Həsən bəy Zərdabinin məqalələrində idrak məsələsinə də toxunulmuşdur. Onun idrak nəzəriyyəsinə aid fikirləri də böyük əhəmiyyət kəsb edir. O, fəlsəfənin əsas məsələsini də materialistcəsinə həll etmişdir. Özünün təbiət tarixinə aid bir sıra əsərlərində və məqalələrində dünyanın dərk edilə bilməsinə şübhə edənlərə qarşı etiraz edərək qəti şəkildə söyləmişdir ki, dünyanı dərk etmək tamamilə mümkündür. Çünki bəşəriyyətin inkişaf tarixinin gedişi dünyanın dərk edilməsinin mümkünlüyünü sübut edir. Zərdabi yazırdı ki, dünyanın dərk edilə bilməsinə şübhə edənlər insan ağlına, onun qabiliyyət və bacarığına inamsızlıq göstərmişlər. “ Hərgah dioqqətlə mülahizə edəsən , aşkar olur ki, insan tamam dünyaya malikdir. Ağıl ilə hər bir şeyin səbəbini axtarıb və bu tövr ilə elmlər bina edib, su ilə maşınlar, külək ilə dəyirman, su buğu ilə atəş ərradəsi, gəmisi və qeyrə işlədib, hətta göydə olan günün istisi ilə maşınlar bina edir. Pəs ağıl və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər” ( “Əkinçi” qəzeti, 15-ci sayı, 21iyul 1877-ci il). Həsən bəy deyirdi ki, əgər insan dünyanı dərk edə bilməsə idi, onda o, təbiətin qulu olardı. Təbiəti öz məqsədləri üçün dəyişdirə bilməzdi. Halbuki biz təcrübədə bunun əksini görürük. İnsan getdikcə təbiəti daha çox dəyişdirir, yeni bitki və heyvan növləri yetişdirir və i.a. Həsən bəy Zərdabi qeyd etmişdir ki, dünyanın dərk edilməsi sahəsində heç bir yeni addım atmayan, yalnız ata-babalardan qalmış bilikləri əxz edən nəsil ölü nəsildir. Çünki dünyada hələ öyrənilməmiş, dərk olunmamış çox şeylər vardır, hər yeni nəsil borcludur ki, o, bu öyrənilməmiş , dərk edilməmiş şeylərin müəyyən qismini öyrənib dərk etsin. Bunsuz cəmiyyətdə, insan ağlında heç bir tərəqqi mümkün deyildir. Həsən bəy hissi idrakı bütün idrak prosesinin başlanğıcı və əsası hesab etmişdir. Onun nəzərincə, hiss üzvlərsiz insan dünyanı dərk edə bilməz və onun ağlı heç dərəcəsində olar.O, idrak prosesində hiss üzvlərinin roluna, əhəmiyyətinə həsr etdiyi “Həvasi-xəmsə”adlı xüsusi bir məqalədə bu barədə yazmışdır: “İnsan ətrafda olan şeyləri və dünya ilə olan münasibətlərini həvasi-xəmsə vasitəsilə dərk edir. Həvasi-xəmsənin əvvəlincisi qüvveyi-bəsirədir ki, gözlərin vasitəsilə, ikincisi qüvveyi-samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü qüvveyi-şammədir ki, burun vasitəsilə, dördüncüsü qüvveyi-zaiqədir ki, dil vasitəsilə, beşincisi qüvveyi-lamisədir ki, bədənin dərisinin vasitəsi ilə dərk olurlar”. (“Həyat” qəzeti, 110-111-ci sayları, 30 noyabr və 1 dekabr 1905-ci il). Zərdabi hiss üzvlərini kanallar kimi təsvir edərək göstərirdi ki, dünyadakı şeylər bu duyğu orqanlarıa təsir edib kanallar vasitəsi ilə beynə axıb gəlir, beynin vasitəsi ilə tənzim edilir. Şeylər haqqında doğru bilik hasil olur. O, xarici aləmin obyektiv varlığını və hiss üzvlərimizə onun təsirini dönə-dönə qeyd edərək belə bir nəticəyə gəlmişdi ki, əgər xarici aləm olmasaydı, duyğularımız da olmazdı. Həsən bəy “Həvasi-xəmsə” və başqa əsərlərində qeyd etmişdir ki, hisslərimiz idrakımızda çox böyük rol oynasa da, hələ idrak üçün kifayət deyildir. Dünyada elə hadisə və proseslər vardır ki, biz onları bilavasitə hiss orqanlarımızla duya bilmərik. Burada idrak yalnız əqli mühakimələr yolu ilə aparılır. Həsən bəy Zərdabi Yerin kürə şəklində olmasını, səsin saniyədə 340 xan arşını yol getməsini, zəlzələnin, yağış, dolu və qar yağmasının səbəblərini buna misal gətirib göstərir ki, biz bunları bilavasitə duyğularımızla dərk edə bilmərik, lakin ağlımızın köməyi ilə bunların mahiyyətini dərk edirik. O yazırdı ki, “səbəblər gizlində, dərinlikdə bulunurlar” Ona förə də hadisə və proseslərin səbəbləri yalnız duyğu orqanlarımız vasitəsilə öyrənilə bilməz. ( ardı var).

ƏDALƏTİ YÜKSƏK TUTAN ALİM

Müasir Azərbaycan fəlsəfəsinin görkəmli nümayəndəsi, tanınmış ziyalı, elm fədaisi, dəyərli alim, qayğıkeş insan, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov ömrünün 70-ci ilini salamlayır. Filosofun incə təfəkkür tərzinin, dəmir məntiqinin, dərin intellektinin məhsulu olan çoxsaylı əsərlər fəlsəfə ictimaiyyətinə yaxşı tanışdır. Ə.Abbasovun fundamental əsaslara söykənən elmi yaradıcılıq diapazonu çoxşaxəli və genişdir: sistemlik-bütövlük nəzəriyyəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, funksional zaman-məkan konsepsiyası, polibifurkasion vəziyyətlər dinamikasının fəlsəfəsi, müasir açıq cəmiyyət konsepsiyası, sinergetik idarəetmə fəlsəfəsi, mürəkkəblik fəlsəfəsi, postneoklassik epistemologiya, ictimai meqatrend nəzəriyyəsi, milli maraqlar və milli ideologiya konsepsiyası, milli mentalitet nəzəriyyəsi, islahatlar fəlsəfəsi, meqabilik nəzəriyyəsi, insani-intellektual resursların idarə olunmasına dair baxışlar sistemi, tolerantlıq paradiqmasının fəlsəfəsi və s. Ə. Abbasov 1997-ci ildə hazırladığı müasir açıq cəmiyyət konsepsiyasına görə Mərkəzi Avropa Universitetinin fəxri professoru diplomuna layiq görülmüş, 2002-ci ildə isə təməlini qoyduğu postneoklassik epistemologiya və digər elmi nailiyyətlərinə görə Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.O, yüksək elmi nəticələrinə görə “Dünya professorları sülh uğrunda” beynəlxalq təşkilatına üzv seçilmişdir. Ə.Abbasov həm də əmək adamına, haqqa-ədalətə, sosial tarazlığa, ictimai nizama, milli adət-ənənəyə, doğma yurdun ruhuna, təbii özəlliklərinə olduqca həssas münasibətilə fərqlənən alimlərimizdəndir. Filosofu daim ictimai quruluş məsələləri, insan-cəmiyyət, vətəndaş-dövlət münasibətləri, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətləri, cəmiyyətin bir mürəkkəb sistem kimi inkişaf dinamikası, sosial ədalətin təmin olunması problemi düşündürür. Mürəkkəb sistemlər, onların inkişaf dinamikası istiqamətində tədqiqatlara qərarlı olan Əbülhəsən müəllim, öncə sistemlilik və bütövlük problemlərilə, onların həlli zərurətilə məşğul olur. Qloballaşmanı xarakterizə edərək filosof yazır ki, ümumi götürdükdə, qlobal tarazlıq, ənənəvi balanslaşdırma qaydaları və şərtləri pozulmuş, geopolitik güc mərkəzləri, həmçinin, ənənəvi müttəfiqlik və tərəf-müqabillik transformasiyaya məruz qalmış, dövlət və milli suverenlik müstəvilərində, eynilə, ərazi bütövlüyü, sərhəd toxunmazlığı, siyasi və iqtisadi müstəqillik məsələlərində, xalqların müqəddaratının, maraqlarının müəyyənləşməsi problemlərində həlli çətin olan ziddiyyətlər yaranmışdır. İnkşaf etmiş dövlətlər tərəfindən həyata keçirilən ikili standartlara münasibətini bildirən filosofun fikrincə, böyük resurslara və imkanlara sahib olan ABŞ, “soyuq müharibə”dən sonra yeganə superdövlət və qlobal lider kimi, öz üzərinə düşən tarixi missiyanı – köklü surətdə dəyişmiş dünyada nizamyaradıcı funksiyanı, qlobal siyasi arxitektura yaratmaq vəzifəsini ödəyə bilməmiş, əksinə, ənənəviləşmiş mənfəətdar-merkantil rəqabət təfəkkürünün ətaləti məcrasında fəaliyyətini daha da sərt formada davam etdirərək, beynəlxalq davranış kodeksini (mövcud olanı) son dərəcə bərbad hala salmışdır. Hər yerdə və hamı üçün haqların, ədalətin, məqbul rifah halının, ümumi sülhün qərarlaşmasına təminat vermək, qaneedici yeni davranış kodeksinin aparıcı müəlliflərindən olmaq əvəzinə, ABŞ, qlobal hökmran-hakim rolunda çıxış edərək və hətta 1648-ci il Vestfaliya sülh müqviləsinin prinsiplərini istədiyi kimi pozaraq, öz hegemonçuluğunun gələcəyə transferinə hesablanmış əlahiddə maraqlarını həyata keçirməyə başlamışdır. Məşhur şirkətlərin dövlət siyasətinə müdaxilə etməsini tənqid edən professor bildirir ki, bu gün vəziyyət o həddə gəlib çatıb ki, dünyanın taleyinə dair qərarlar hökümət kabinetlərindən çox, transmilli korporasiyaların ofislərində qəbul edilir. Adi görünən bu hal, əslində, dövlətlərin, xalqların, millətlərin, həmçinin, fərdlərin suverenliyinin öz mahiyyətinə cavab vermədiyini sübut edir. Hətta ABŞ-ın özünə gəldikdə, onun dövlət və millət suverenliyinin, eynilə, amerika cəmiyyətində xalqın və şəxsin suverenliyinin şübhə altında, etibarsız olduğunu anlamaq çətin deyil. Demokratiya adı altında öz maraqlarını həyata keçirən gücləri tənqid edən filosof bildirir ki, qlobal demokratiya carçılarının dünyaya yeritdikləri “birinci”, “ikinci” və “üçüncü” demokratiya dalğaları (indi “dördüncü”dən də danışırlar!), bir qayda olaraq, bu dəyərlərin mahiyyəti üzrə qərarlaşmasını deyil, onların vasitəsilə məkrli oyunlar qurmaq, manipulyasiya imkanları qazanmaq, “müstəqiləm!” deyən xalqlara və dövlətlərə kəmənd atmaq, onları çaşdırmaq, bir-birinə qarşı qoymaq, milli hakimiyyətlərin xalqla təmasını, ünsiyyətini qarşılıqlı nifrət, etibarsızlıq üzərində kökləməklə hər iki tərəfi özündən asılı etmək, bəribaşdan onların – həm xalqın, həm də hakimiyyətin – suverenliyini qansız-qidasız qoymaq, kövrək və dayanıqsız etmək, hər cür hiylə ilə dirçəliş və tərəqqi nəfəsliklərini kəsmək, “bizdən olmayan” çoxluğu ruhsuz mənəviyyatsızlıq burulğanında boğmaq, ali varlıq deyilən insanı pyedestalından salmaq, bayağı deyib-gülən, zövqsüz və idraksız məxluqa çevirmək məqsədi güdmüşdür. Millətləşmə, bütövləşmə, demokratikləşmə arzusunda olan toplumlara məbadə belə imkanlar yaratmaq, əksinə, bu arzu-eşqdən daha da uzaqlaşdırmaq, elə etmək ki, məzlum xalqlar faciələrini seyr edib elə öz zalımlarından da imdad diləsinlər. Professorun fikrincə, “millət”, hər şeydən öncə, siyasi-hüquqi, tarixi-mədəni birlik formasıdır; onun vahid hüquqi məkanı, siyasi və dövlətçilik mədəniyyəti, ictimai tərəqqi və ümumi mənafe amalına söykənən idarəetmə fəlsəfəsi, mənəvi adət və ənənələri olur. Deməli, millətləşmə, başlıca olaraq, siyasi və hüquqi şüur səviyyəsində yüksək tarixi-mədəni-mənəvi birlik formasının mövcudluq üsu¬lu-dur. Millətləşmə – etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə – əqli-intellektual, ruhi və fiziki gümrahlaşma, intibaha qovuşma yoludur. Bu intibah millətin hüquq və şərəfini müdafiə etməyə qadir güc, bir-birinə və dünyaya hörmət, məhəbbət deməkdir. “Millət”in öz fəlsəfəsi və ideoloji baxış bucağı, məfkurə suverenliyi olur, koqnitiv dissonaslıq burulğanında vurnuxmur. Ayrı-ayrı filosofların ümumdünya fəlsəfəsinə verdikləri töhfələr bundan ibarət olmuşdur ki, insanları, xalqları və cəmiyyətləri azadlığa yetişdirmək üçün müvafiq baxışlar sistemi, nəzəriyyələr ortaya qoysunlar, ictimai praktika üçün müfəssəl zəminlər yaratsınlar. Diqqətlə nəzər yetirsək görərik ki, bu missiyanın yükü altında çalışıb, zəhmət çəkmişlər heç də az olmayıb: Əl-Fərabi və İbn Xaldundan tutmuş Herderə, Kanta və Fixteyə, Şellinq və Hegelə, Marksa və Engelsə, Toynbi və Habermasa kimi. Bütün elmi-yaradıcılıq fərqlərinə, səciyyəvi xüsusiyyətlərə baxmayaraq, biz bütün bu korifeylərə minnətdar olmalıyıq. İndinin özündə də bu bəşəri xəzinədən bəhrələnmək üçün kifayət qədər əsas və zərurət var. Müasir dünyanın yenidən formatlaşması dövründə bu zərurət daha da qabarıq özünü göstərir. Məqsədi insanları azadlıq üçün yetişdirməkdən və bununla onları xoşbəxt etməkdən ibarət olan nəzəriyyə və təlimlərin yaradılması, əslində, hansısa yeni rasionallıq şəbəkəsinin, epistemoloji paradiqmanın işlənilməsi və təklif edilməsi deməkdir. Bu missiya qətiyyən xoş arzu və niyyətlər toplusunu ortaya atmaqdan, tarixi hadisələrin xronologiyasını verməkdən, səlnamə yaratmaqdan ibarət deyil. Birmənalı olaraq deyə bilərik: burada təqdim olunan nəticə köhnə biliyin yox, mütəfəkkir tərəfindən generasiya olunmuş yeni biliyin məhsuludur. Köhnə bilik elementləri yeni bilgilər sistemini yaratmaq üçün yalnız vasitələrdən biri ola bilər. Fundamental əsaslara söykənən yeni bilik sistemini isə yalnız epistemoloji yəqinlik şərtləri daxilində yaratmaq mümkündür. Bu, o deməkdir ki, qnoseoloji zəminlər, metodoloji yanaşmalar, məntiqi qanunauyğunluqlar və aksioloji məqamlar baxımından bir müəyyənləşmə var. Professor Əbülhəsən Abbasovun yeni dünya nizamının formalaşmasını, elmin və cəmiyyətin inkişaf vektorunu, optimal ictimai meqatrendləri müəyyənləşdirən dəyərli fikirləri başqa alimlər tərəfindən daha da inkişaf etdirilmiş və zənginləşdirilmişdir. Cəmiyyətimiz üçün aktual olan mövzular üzərində işləməyi gənclərimizə tövsiyə etməklə bərabər, onlara bu istiqamətdə tədqiqat aparmaq üçün elmi idrakın incəliklərini aşılayır, yeni bilgi və məlumatlar verir, optimal yollar göstərir, təşkilati köməkliklər edir. Gənclərimizə daha məsuliyyətli işləməyi, məhsuldar təhlillər aparmağı, milli özünüdərk zəminində yeni elmi nailiyyətlərə yiyələnməyi, öz növbəsində, dünya elminə töhfələr verməyi həm tövsiyə edir, həm də öyrədir, onları gənclərimizi milli özünüdərk fəlsəfəsinin əsaslarını mənimsəməyə dəvət edir. Alimin müxtəlif jurnal və toplularda dərc olunmuş 250-dən artıq elmi məqaləsi ictimaiyyətin ixtiyarına vermiş, 80-ə qədər tematik kitab və kollektiv monoqrafiyaların həmmüəllifi və elmi redaktoru kimi biliyini sərgiləmişdir. Bu əsərlərdə də alim milli fəlsəfənin statusu və tədrisi, milli ideologiya və ictimai rəy məsələlərini araşdırmış, insan hüququ, müasir islahatların ümumfəlsəfi əsaslarını, epistemoloji sistemini, aparıcı ideya və prinsiplərini işləmiş, qeyri-səlis məntiqin postneoklassik elmi paradiqmanın formalaşmasında, müasir texnologiyaların inkişafında yeri və rolu haqqında maraqlı fəlsəfi fikirlər söyləmişdir. Beynəlxalq tribunalardakı çıxışlarında filosof Azərbaycanın haqq səsini bəyan etmiş, həqiqətləri söyləmiş, inandırıcı dəlillərlə fikirlərini əsaslandırmış, özünün ziyalı-vətəndaş borcunu layiqincə yerinə yetirmişdir. Dünyada baş verən hadisələrin, şiddətlənən geosiyasi proseslərin dərin təhlilini aparmaq gücündə olan filosofu həmişə bir başlıca məqsəd – dramatik zəmanənin od-alovundan, aşkar və gizli təhlükələrindən Azərbaycanı qorumaq, ölkənin milli maraqlarının, xoşbəxt güzaranının təmin olunması istiqamətində ciddi elmi zəmin yaratmaq, etibarlı perspektivə yol açmaq – qayğılandırır. Vətənpərvər filosofu yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları, tutduğu ədalət yolundasağlıqlı illər arzu edirik.

Zeynəddin Şabanov, fəlsəfə üzrə fəlsəfə